RƏSMİ XRONİKA
Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub VİDEO
Qazax, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolu yenidənqurma və əsaslı bərpadan sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.
Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yolboyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan 30 suötürücü boru tikilib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.