REGİONLAR
Qazax Sosial İqtisad Kollecində gənclər üçün treninq
Bakı, 29 mart, AZƏRTAC
Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax Sosial İqtisad Kollecində gənclər üçün "Biznes planların hazırlanması" və "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" mövzularında treninq təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, teninqdə gənclərə biznes plan və onun tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması, yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və sair barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb. Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.