REGİONLAR
Qazax rayon sakininin qeyri-adi rəssamlıq bacarığı VİDEO
Qazax, 16 fevral, AZƏRTAC
Qazaxın Çaylı kəndinin sakini, 61 yaşlı Nəcməddin Hüseynov özünün qeyri-adi rəssamlıq bacarığı ilə seçilir. O, əsərlərini fırça və boyalarla deyil, şamı yandırıb onun hisi ilə çəkir. İndiyədək 2 mindən çox rəsm əsərinin müəllifi olan Nəcməddin Hüseynov rəssamlığa 3-cü sinifdən başlayıb. Onun yaratdığı bir-birindən maraqlı əsərlər sərgilərdə də nümayiş etdirilib. Əl işlərini internet vasitəsilə xaricdən sifariş edib, alanlar da olub.
Yanan şamın hisi ilə rəsm əsəri yaradan rəssam bu üsulla kətan və digər materiallar üzərində də şəkil çəkə bilir. Nəcməddin Hüseynov AZƏRTAC-a bildirib ki, ilk vaxtlarda belə əsərlər yaradanda çətinlik çəkib. Lakin təcrübə topladıqca ortaya baxımlı əsərlər çıxıb.
Bu cür şəkil çəkmək çoxlarına qəribə gəlir. O deyir ki, belə əsərlərlə əsasən əcnəbilər maraqlanırlar. Həmsöhbətimiz əsərlərindən ibarət sərgi təşkil etməyi də planlaşdırır.
Demək olar ki, bütün janrlara müraciət edən rəssam karikaturalar da çəkir. Nəcməddin Hüseynovun əsərlərindən ibarət kataloq da dərc olunub.