REGİONLAR
Qazax rayonunun Yuxarı Salahlı kəndində yeni tibb məntəqəsinin təməli qoyulub
Qazax, 21 aprel, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunun Yuxarı Salahlı kəndində tibb məntəqəsinin təməli qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təməlqoyma mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək həkim məntəqəsinin Yaponiya səfirliyinin, Səhiyyə Nazirliyinin və rayon icra hakimiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən inşa olunacağını qeyd edib.
Bildirib ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikiləcək bina Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Birliyin sədri Ramin Göyüşov Yaponiya ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahələrindəki əlaqələrdən danışıb. O, inşa ediləcək tibb məntəqəsi haqqında ətraflı məlumat verərək qeyd edib ki, məntəqə 8 otaqdan ibarət olacaq. Bütün müasir avadanlıqlarla tam təmin olunacaq yeni həkim məntəqəsinin ümumi sahəsi 216 kvadratmetr təşkil edəcək.
Sonra tibb məntəqəsinin təməli qoyulub.