REGİONLAR
Qazaxda 7680-dən çox şagird yeni və əsaslı təmir olunan məktəb binalarında təhsil alır
Qazax, 2 sentyabr, Famil Quliyev, AZƏRTAC
Rayon müəllimlərinin Qazax şəhərindəki Ədəbiyyat Muzeyinin akt zalında keçirilən ənənəvi sentyabr konfransda təhsil sahəsində çalışan qabaqcıl müəllimlər, məktəb direktorları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin muzeydəki büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı konfransda hesabat məruzəsi ilə çıxış edərək 2014-2015-ci dərs ilində qazanılan uğurlardan, həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, ölkədə aparılan sosial yönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən bir çox təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri istifadəyə verilib. Təhsil müəssisələrinin şəbəkəsi daha da genişləndirilib, müəllimlərə diqqət və qayğı artırılıb. Son 10 ildə rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə 4, dövlət vəsaiti hesabına 18 məktəb binası tikilərək istifadəyə verilib. Nəticədə 7680-dən çox şagirdin yeni və əsaslı təmir edilən məktəb binalarında təhsil alması təmin olunub.
Sonra məruzə ətrafında çıxışlar olub. Ağköynək kənd tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Sədaqət Əmirxanova, 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zinyət Əliyeva, şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi, fənn olimpiadasının qalibi İlham Mirzəyev çıxış edərək ötən tədris ilində qazanılan uğurlardan danışıb, bu sahədə ciddi irəliləyişlər olduğunu bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov konfransda çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sistemi özünün mütərəqqi yeniliklərlə müşayiət olunan mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsinin daha da genişləndirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, pedaqoji işçilərə göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir. Bu gün təhsil sahəsində qazanılan uğurlar, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük dəstəyi nəticəsində əldə edilən irəliləyişdir.
Milli Məclisin deputatları Əhməd Vəliyev və İlyas İsmayılov konfransda çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.
Təhsil Nazirliyinin nümayəndəsi İlham Pirməmmədov təhsilin mövcud vəziyyətini təhlil edib, bu sahədəki yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açıb.
Konfransda Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan məzunlara, qabaqcıl təhsil işçilərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.