REGİONLAR
Qazaxda Beynəlxalq Əlillər Günü qeyd olunub
Qazax, 3 dekabr, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Qeyd olunub ki, insan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.
Vurğulanıb ki, əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
Bildirilib ki, rayonda 440 nəfər tənha yaşayan əlil və ahıl vətəndaşa evlərdə xidmət göstərilir. Əlillik statusu olan vətəndaşlardan 43 nəfəri sanatoriyaya, 8 nəfəri Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə, 2 nəfər Sağlamlıq İmkanı Məhdud Şəxs Evinə, 1 nəfər isə qocalar evinə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün Qazaxda cari ildə 8 mənzil tikilib istifadəyə verilib, 8 mənzilin isə inşasına başlanılıb. Bundan əlavə, 2014-2016-cı illərdə 12 nəfər Qarabağ müharibəsi əlilinə avtomobil verilib. Növbədə olan 26 nəfərə isə qarşıdakı illərdə avtomobilin verilməsi nəzərdə tutulub.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Böyük Vətən müharibəsi əlili Xanqulu Süleymanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Xasay Balayev, Silahlı Qüvvələrin “Ehtiyatda olan zabitlər” Konfederasiyasının Qazax rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Baxış Hüseynov və başqaları çıxış edərək Prezident İlham Əliyevin əlillərə göstərdiyi diqqət və qayğıdan danışıb, bu istiqamətdə Qazax rayonunda görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Bayram tədbiri əyləncəli musiqi proqramları ilə davam etdirilib.