REGİONLAR
Qazaxda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
Qazax, 24 noyabr, Famil Quliyev, AZƏRTAC
Qazaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə təşkilat rəhbərləri, müəllimlər, tələbələr, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev açıb. O qeyd edib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Komitənin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında ümummilli lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti barədə danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.