REGİONLAR
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsi anılıb
Qazax, 15 aprel, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunun Qazaxbəyli kənd tam orta məktəbində Milli Qəhrəman Alı Mustafayevin xatirəsi anılıb.
Tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, ağsaqqallar, müəllim və şagirdlər iştirak edib.
Əvvəlcə Milli Qəhrəmanın məktəbin həyətində qoyulmuş büstü önünə gül-çiçək dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, mərasimi Alı Mustafayevin vaxtilə təhsil aldığı Qazaxbəyli kənd tam orta məktəbinin direktoru Mətanət Ayvazova açaraq, Milli Qəhrəmanın həyatı və fəaliyyəti barədə məlumat verib.
Rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova çıxış edərək respublikamızda, eləcə də rayonumuzda Milli Qəhrəman və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Alı Mustafayev erməni millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb. 1991-ci il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən tərəfindən vurulması nəticəsində faciəli şəkildə şəhid olub.
Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Alı Mustafayev bu gün də xalqımızın qəlbində yaşayır.
Milli Qəhrəmanın bacısı Bəsti Mustafayeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra Qazaxbəyli kənd tam orta məktəbinin şagirdləri Alı Mustafayevin vətənpərvərlik mövzusunda yazdığı şeirləri səsləndiriblər.