REGİONLAR
Qazaxda Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə tikilmiş abidə-bulaq kompleksi istifadəyə verilib
Qazax, 19 aprel, Famil Quliyev, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə Qazax rayonunun Qazaxbəyli kəndində tikilmiş abidə-bulaq kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək, şəhid jurnalist Alı Mustafayevin həyat və fəaliyyəti barədə danışıb.
Qeyd edib ki, A.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan cəbhə bölgəsindən reportajlar hazırlayıb və daim ön cəbhədə olaraq jurnalist fəaliyyətini peşəkarcasına yerinə yetirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, Azərbaycanın vətənpərvər oğulları, eləcə də jurnalistləri heç vaxt unudulmayacaq. Çünki bu qəhrəman insanlar, vətənpərvər jurnalistlər azadlıq, müstəqillik mücahidləri kimi canlarını Vətən yolunda fəda ediblər.
Digər çıxış edənlər A.Mustafayevin jurnalistika sahəsindəki xidmətlərindən danışıb, onun jurnalistika ilə yanaşı, yaradıcı şair olduğunu da qeyd ediblər.
Tədbirdə A.Mustafayevlə bağlı xatirələrdən söz açılıb, onun şeirləri səsləndirilib.
Milli Qəhrəmanın həyat yoldaşı Lalə xanım və oğlu Tural Mustafayev çıxış edərək Alı Mustafayevin xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.
Sonra Qazaxbəyli kənd tam orta məktəb şagirdlərinin ifasında Milli Qəhrəman Alı Mustafayevin şeirlərindən ibarət hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.