REGİONLAR
Qazaxda “Radikalizmə qarşı mübarizədə milli mənəvi dəyərlərin qorunması” mövzusunda görüş keçirilib
Qazax, 3 may, AZƏRTAC
Qazax rayonunun Daş Salahlı kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikalizmə qarşı mübarizədə milli mənəvi dəyərlərin qorunması” mövzusunda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq, Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə və milli mənəvi dəyərlərin qorunması sahəsində aparılan işlərin yüksək səviyyəyə çatdırılmasıdır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsi müdirinin müavini Rəfi Qurbanov, komitənin Qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev, “İslam məscidi” dini icmasının sədri İslam Əliyev, rayon polis şöbəsinin Daş Salahlı bölməsinin rəisi İlham Xamoyev, Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışlarda dini icmaların həyata keçirdikləri layihələrdə milli mənəvi dəyərlərimizin geniş şəkildə ictimaiyyətə çatdırılmasının, maarifləndirmə işlərinin daha da genişləndirilməsinin, eyni zamanda, məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınmasının, dini icmaların və bütün ictimaiyyət nümayəndələrinin dini radikalizmlə mübarizədə fəallıq göstərmələrinin zəruriliyi barədə ətraflı məlumat veriblər.
Sonda gənclərlə maraqlı fikir mübadiləsi aparılıb.