REGİONLAR
Qazaxda Vaqif poeziya günləri
Qazax, 26 avqust, AZƏRTAC
Qazaxda Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin poeziya günləri çərçivəsində Ədəbiyyat Muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin Qazax Mütəfəkkirlər Parkındakı heykəllərini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoyublar.
Tədbiri Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal açaraq Molla Pənah Vaqifin poeziya günləri barədə məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Vaqif yaradıcılığı barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, Vaqif Azərbaycan ədəbiyyatında böyük dönüş yaradıb, xalq poeziyası ilə əruz vəznli şeirimiz arasında möhkəm körpü salıb. O, Azərbaycan ədəbi dilini elə cilalayıb ki, özündən sonra gələn XIX əsr şairləri üçün yeni cığır açıb, böyük bir ədəbi məktəb yaradıb.
Diqqətə çatdırılıb ki, zaman keçdikcə Molla Pənah Vaqifin xalqımız üçün miras qoyub getdiyi ədəbi irsi daha dərindən öyrəniləcək, onun poeziyasının qüdrəti nəsillərə nümunə olacaqdır.
Sonra şairlər çıxış edib, Vaqifə həsr etdikləri şeirlərini söyləyiblər. Şairin şeirləri müxtəlif saz havaları üstündə oxunub.