REGİONLAR
Qazaxda barama tədarükünə başlanılıb VİDEO
Qazax, 10 iyun, Famil Quliyev, AZƏRTAC
Qazaxlı kümçülər artıq ikinci ildir ki, barama yetişdirirlər. Rayonda bu il baramaçılar ötən ildəkindən xeyli çox məhsul əldə ediblər.
Kümçü Nizami Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “55 qram ipəkqurdu götürmüşdüm. İndiyədək 220 kiloqram barama təhvil vermişəm. Yetərincə gəlir götürə biləcəm. Çəkdiyimiz zəhmətə dəyər.”
“Şəki İpək” ASC-nin nümayəndələri kümçülərin məhsullarını elə yerindəcə qəbul edirlər. Məhsul hər kəsin yanında tərəzi ilə çəkilir, qeyd aparılır və maşınlara yığılır.
Qazax Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov deyib: “Baramaçılıq çox gəlirli sahədir. Təhvil verilən məhsulun hər kiloqramına görə 5 manat subsidiya ayrılıb. Bundan başqa “Şəki İpək” ASC də hər kiloqrama görə vətəndaşlara 4 manat ödəyir. Beləliklə 1 kiloqram baramaya 9 manat verilir. Bu, təbii ki, insanların da marağını artırır.”
Rayonda 5 tondan çox məhsul əldə ediləcəyi proqnozlaşdırılır.