REGİONLAR
Qazaxda əmək bazarının sosial-iqtisadi inkişaf templərinə dair “dəyirmi masa” keçirilib
Qazax, 16 noyabr, Famil Quliyev, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətinin və Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusunda “dəyirmi masa” keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə idarə, müəssisə və təşkilat nümayəndələri, icra hakimiyyətinin məsul işçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov tədbirin əhəmiyyətindən danışıb, əmək bazarının sosial-iqtisadi inkişaf templəri və xüsusiyyətləri barədə ümumi məlumat verib.
Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov qeyd edib ki, “dəyirmi masa” respublikamızda dövlət məşğulluq siyasətinin yerlərdə müvəffəqiyyətlə həyata keçirilməsinə, işaxtaran və işsiz vətəndaşların məşğulluğunun yüksək səviyyədə təmin edilməsinə və bu sahədə həyata keçirilən tədbirlərə həsr olunub.
Mərkəzin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi Mehriban Süleymanova bildirib ki, cari ildə mərkəzə müraciət edən 1037 nəfər işsiz və işaxtaran vətəndaşdan 716 nəfəri daimi işlə təmin edilib, 24 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Kursu bitirən müdavimlərdən 10 nəfəri daimi işlə təmin edilib. Cari ildə keçirilən əmək yarmarkasında isə 35 nəfər işə göndərilib.
Çıxışlarda idarə və təşkilatlarla əlaqələrin daha yaxından qurulmasında belə tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub.