REGİONLAR


Qazaxda istixanalarda yetişdirilən pomidor Rusiya bazarlarına çıxarılır VİDEO

Qazax, 22 iyun, Famil Quliyev, AZƏRTAC

Gəlirli sahə olduğu üçün fermerlərin istixanalara marağı artmaqdadır. Qərb bölgəsində son bir neçə ildə min hektarlarla sahədə istixana kompleksləri salınıb.

İstixanalar iqlim şəraitindən asılı olmayaraq ilin hər fəslində kənd təsərrüfatı məhsulları istehsalına imkan yaradır. Belə ki, içərisinə yerləşdirilmiş qurğular vasitəsilə istixananın daxilindəki temperaturun dərəcəsi asanlıqla tənzimlənir. Bununla da bitkilərin ilboyu yetişdirilməsi prosesində yaranan fasilələr aradan qaldırılaraq ardıcıl məhsul istehsalı təmin olunur.

Qazax rayonunun Kommuna kəndində yerli sahibkarlar istixana kompleksində yetişdirdikləri pomidor şitilindən bol məhsul əldə edirlər. Hazırda yığımı aparılan tərəvəzin qablaşdırılması prosesi həyata keçirilir. Eyni zamanda məhsulun üzərində istehsal yerinin Azərbaycan, Qazax rayonu olduğunu göstərən etiketlər də var.

Fermer Azər Mərdalıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Məhsulumuzu Azərbaycan brendi altında Rusiya bazarlarına göndəririk. Gördüyünüz kimi, bol məhsul yetişib. Gələcəkdə istixananın sahəsini daha da artırmaq istəyirik.”

İşçi Almaz Əhmədova isə bildirib ki, istixananın yarım hektar ərazisi var: “Dekabrın sonlarında 20 min ədəd şitil əkmişik. İlk məhsul isə martın axırında yığılıb. Hazırda da yığım, qablaşdırma işləri gedir. Burada 6 nəfər çalışır.”

Fermer Azər Mərdalıyev gələcəkdə digər tərəvəz məhsullarını yetişdirməkdə də maraqlı olduğunu deyir.

Qeyd edək ki, Qazaxda əsasən Çaylı və Kommuna kəndlərində istixana təsərrüfatları mövcuddur və buradan hər il bol məhsul yığılır. Təxminən bir pomidor şitilindən yığım zamanı 20 kiloqramdan çox məhsul götürmək olur. İstixanaların çox olması, həm də kəndlərdə insanların işə cəlb edilməsi deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.