REGİONLAR
Qazaxda qəbul imtahanlarında yüksək bal toplayan məzunlar mükafatlandırılıb
Qazax, 16 avqust, AZƏRTAC
Qazaxda ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Gənclər Mərkəzində keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının təhsillə bağlı olduğunu dəfələrlə vurğulayıb və ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib.
Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək, bu sahənin inkişafına böyük önəm verib.
Respublikanın hər yerində olduğu kimi, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazax rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövrdə diqqət mərkəzində olub, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni və daha müasir binalarla təmin olunub.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda iki məktəbəqədər təhsil müəssisəsi və 4 məktəb binası tikilib istifadəyə verilib.
Hazırda Yuxarı Salahlı kənd tam orta məktəbində yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2015-2016-cı tədris ilində 849 nəfər attestat alıb, onlardan 456 nəfər ali məktəblərə sənəd verib, 319 məzun birinci turda tələbə adını qazanıb. Rayonun Canallı kənd tam orta məktəbinin məzunu Səbinə İsmayılova qəbul imtahanlarından 700 bal toplayıb. Məzunlardan iki nəfəri təhsili qızıl medalla başa vurub. Medalçılar İlham Mirzəyev qəbul imtahanlarından 690 bal, Leyla Məmmədova isə 682 bal toplayıb.
Qeyd olunub ki, rayon üzrə qəbul imtahanlarından 58 nəfər 500-700 arası bal yığıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Canalı kənd tam orta məktəbin direktoru Ulduzə Yusifova, medalçılar İlham Mirzəyev və Leyla Məmmədova, 700 bal toplamış Səbinə İsmayılova çıxış ediblər.
Sonda 500-700 arası bal toplayan məzunlara qiymətli hədiyyələr təqdim olunub.