REGİONLAR
Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Bakı Biznes Tədris Mərkəzi Qazaxda gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən treninq rayonda üzümçülüyün inkişaf perspektivləri, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və elektron xidmətlər mövzularına həsr olunub. Tədbirdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsiplərindən bəhs edilib, mövzular üzrə fikir mübadiləsi aparılıb.
Treninqdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi vurğulanıb, www.b2b.az, www.icazeler.gov.az portalları barədə məlumat verilib, onların biznesin səmərəli təşkilində əhəmiyyəti qeyd olunub.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb.