Qazaxda şəhid Fərman Yolçuyevin xatirəsi anılıb
Qazax, 21 dekabr, Famil Quliyev, AZƏRTAC
Qazaxda şəhid Yolçuyev Fərman Sabit oğlunun anadan olmasının 49-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn olunduğu Hüseynbəyli kənd qəbiristanlığında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Fərman Yolçuyevin döyüş yolundan danışıb, dövlətimiz tərəfindən şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.
Bildirilib ki, Fərman Yolçuyev 1968-ci il dekabrın 20-də Qazaxın Aşağı Əskipara kəndində anadan olub. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında xidmət edib. 1990-cı ildə könüllü müdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşüb. Bir il sonra rayon polis şöbəsinə polis çavuşu vəzifəsinə qəbul olunub. 1992-ci il mayın 10-da qəhrəmancasına şəhid olub.
Şəhidin döyüş yoldaşlarından Nəsib Nəsibov, Əsgər Hüseynov və başqaları çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, şəhidlərin ölməzliyindən, onların ən uca zirvəyə yüksəlməsindən söz açıblar.
Sonra şəhidin qardaşı Firdovsi Yolçuyev çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.