REGİONLAR


Qazaxda şəhid əsgərimizin xatirəsi anılıb

A+ A

Qazax, 17 avqust, AZƏRTAC

Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Əliyev Orxan Məhəmməd oğlunun Qazaxın Aslanbəyli kəndində doğum günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şəhidin məzarı önünə gül-çiçək dəstələri düzülüb.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq şəhidin həyatı və keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıb. Qeyd edib ki, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq ilə ordunun birliyi sayəsində işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq. R.Babaşov Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını və şəhid hərbçilərimizin qanının yerdə qalmayacağını bildirib.

Şəhidin döyüş yoluna nəzər salanlar onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduğunu söyləyiblər. Bildirilib ki, Əliyev Orxan Məhəmməd oğlu 1995-ci il avqustun 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 2011-ci ildə Bakı texniki kollecinə daxil olub, 2015-ci ildə həmin kolleci bitirib.

Əliyev Orxan kollecdə oxuduğu müddətdə çalışqan, tərbiyəli, nizamlı-intizamlı və məsuliyyətli tələbə olub, müəllimlərinin rəğbətini qazanıb.

O, hərbi dərslərdə həmişə fəal iştirak edib. Onda vətənpərvərlik ruhu hələ tələbəlik illərindən formalaşıb. Orxan aprelin 2-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimiz kimi Orxan Əliyev də heç zaman unudulmayacaq və onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Sonda orta məktəb şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.