REGİONLAR
Qazaxda şəhid zabitimizin xatirəsi anılıb
Qazax, 8 sentyabr, Famil Quliyev, AZƏRTAC
Aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun zabiti, baş leytenant Namazov Elvin Məmməd oğlunun doğum günü Qazax rayonunun Yuxarı Salahlı kəndində, şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Elvinin keçdiyi şanlı döyüş yolundan, onun mübarizliyindən, Azərbaycan Silahlı Qüvvələrinin Elvin kimi igidlərin sayəsində aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr endirməsindən danışıb. Bildirib ki, Elvinin keçdiyi döyüş yolu gənclərə bir nümunədir. Onun xatirəsinə şəhərin Heydər Əliyev prospektində bulaq inşa olunub.
Sonra rayon ağsaqqallar şurasının sədri Xanqulu Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, polis şöbəsinin rəisi, polkovnik Natiq Həsənov və başqaları çıxış edərək Elvinin xatirəsinin həmişə əziz tutulacağını bildiriblər.
Qeyd edək ki, şəhid zabitimiz ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.