REGİONLAR
Qazaxda yeni tut bağları salınır
Qazax, 5 dekabr, Famil Quliyev, AZƏRTAC
Baramaçılığın inkişafı, ilk növbədə, möhkəm yem bazasından asılıdır. Digər rayonlarda olduğu kimi, Qazaxda da tut bağlarının salınması uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Çindən ölkəmizə gətirilmiş tut tingləri rayonlara paylanılıb və yeni tut bağları salınır. Gətirilmiş tinglər Qazax rayonuna da göndərilib. Ümumilikdə bu il rayonda 22 min ədəd tut tingi əkilib.
Qeyd edək ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə respublikamıza gətirilib və rayonlara paylanılıb.