REGİONLAR


Qazaxdakı Damcılı mağarasında neolit dövrünə aid 2 minə yaxın alət tapılıb VİDEO

Qazax, 1 avqust, Famil Quliyev, AZƏRTAC

Avey Dövlət Tarix Mədəniyyət Qoruğunda neolit və neolitəqədərki dövrə aid 2 minə yaxın alət tapılıb. Qədim alətlər tədqiq olunması üçün Yaponiyanın laboratoriyalarına göndərilib.

Ərazidə tədqiqat aparan Tokio Universiteti Muzeyinin rəhbəri, professor Yoşihiro Nişiaki AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Hazırda biz Azərbaycanın ən məşhur abidələrindən olan Damcılı mağarasında arxeoloji qazıntılar aparırıq. Mağara çoxtəbəqəlidir və burada müəyyən dövrlərdə insanlar yaşayıb. Damcılı mağarasının Tovuz rayonunda yerləşən Göytəpə neolit yaşayış yeri ilə uyğunluğu var və demək olar ki, eyni dövrə aiddir. Ehtimal var ki, Damcılı mağarası hətta ondan bir qədər də qədimdir.”

Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva söhbət zamanı bildirib ki, bu ərazilərdə neolit və neolitəqədərki dövr araşdırılır. Bu dövrlərə aid 2 minə yaxın alət tapılıb və tədqiq olunması üçün Yaponiyanın laboratoriyalarına göndərilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə burada açıq səma altında muzey yaradılması və ərazidən tapılan eksponatların muzeydə sərgilənməsi nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və Avey Dövlət Tarix Mədəniyyət Qoruğu arasında ötən il bağlanan beşillik beynəlxalq memoranduma əsasən, Avey dağı ərazisində Azərbaycan-Yaponiya beynəlxalq ekspedisiyası tərəfindən arxeoloji tədqiqat aparılır. Hələ 2015-ci ildə Tokio universitetində ingiliscə dərc edilən Azərbaycan-Yaponiya arxeoloqlarının birgə apardıqları kəşfiyyat xarakterli tədqiqatların hesabatında Cənubi Qafqazda ilk neolit mədəniyyətinin əcnəbi mənşəli ərzaq istehsal edən iqtisadiyyata malik daha qədim yerli mezolit icmaları tərəfindən yaradıldığı ehtimal olunur. Amma mezolit icmalarının arxeoloji detalları və arxeoloji landşaftı hələlik tam aydın deyil. Vaxtilə azərbaycanlı tədqiqatçılar regionda Damcılı və Daş Salahlı kimi mezolit obyektləri aşkar ediblər ki, bu da dünya arxeoloqları arasında ciddi maraq doğurub. Arxeoloji qazıntıya müxtəlif elm sahələri üzrə geniş tədqiqatçılardan ibarət komanda cəlb edilib. Yaponiya və Azərbaycan tərəfindən mütəxəssislər ərazidə tədqiqatlar aparırlar.

Qeyd edək ki, Damcılı mağarası 1953-cü ildə Məhəmmədəli Hüseynov tərəfindən kəşf edilib. Bu Azərbaycanda ilk qədim daş dövrünə aid abidədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.