REGİONLAR
Qazaxın Kosalar və Xanlıqlar kəndlərində subartezian quyuları qazılır
Qazax, 11 sentyabr, AZƏRTAC
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olub. Bununla əlaqədar son illər respublikamızda mühüm tədbirlər həyata keçirilib, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 dekabr və 2016-cı il 1 iyul tarixli Sərəncamlarına əsasən, Qazax rayonunda 10 subartezian quyusunun qazılması nəzərdə tutulub. Həmin Sərəncamlara əsasən, Daş Salahlı kəndində 3, Çaylı kəndində 3, Canallı, Kosalar, Xanlıqlar və Orta Salahlı kəndlərində subartezian quyuları qazılacaq.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, artıq Sərəncamda qeyd olunan kəndlərin bir neçəsində quyuların qazılmasına start verilib. Bu məqsədlə Kosalar və Xanlıqlar kəndlərində qazma işlərinə başlanılıb. İşlərin sürətlə aparılması onu deməyə əsas verir ki, subartezian quyularının qazılması optimal müddətdə başa çatdırılacaq. Bu da həm əkin sahələrinin suvarılması işini yaxşılaşdıracaq, həm də əhalinin içməli suya tələbatın ödənilməsinə kömək göstərəcək.