İQTİSADİYYAT
Qazaxıstan 2020-ci ilə qədər ən yaxşı logistika mühiti olan 40 ölkə sırasına daxil olmağı planlaşdırır VİDEO
Astana, 26 may, AZƏRTAC
“Kazaxstan Temir Jolı” Milli Şirkəti” Səhmdar Cəmiyyətinin inkişaf strategiyasına görə, Qazaxıstan ən yaxşı logistika mühiti olan 40 ölkə sırasına daxil olmalıdır. IX Astana iqtisadi forumunun media tərəfdaşı AZƏRTAC xəbər verir ki, bu sözləri şirkətin prezidenti Askar Mamin forum çərçivəsində keçirilən “Böyük İpək Yolu ölkələrinin forumu: enerji, resurslar və sabit inkişaf” adlı sessiyada çıxışında bəyan edib.
Qazaxıstan dəmir yollarının rəhbəri deyib ki, şirkət qarşısına konteyner axınını daha da artırmaq vəzifəsi qoyub. Onun sözlərinə görə Çin-Avropa istiqamətində konteyner axınını 2011-ci illə müqayisədə 100 dəfə artırmaq mümkün olub.
A.Mamin deyib: “Bütövlükdə demək istəyirəm ki, bizim vəzifəmiz bütün tədbirləri görərək, LPI ındeksimizi yaxşılaşdırmaq və 2020-ci ilə qədər ən yaxşı logistika mühiti olan 40 ölkə sırasına daxil olmaqdır. Biz bu istiqamətdə işi davam etdirməyi planlaşdırırıq və hesab edirəm ki, bu iş öz bəhrəsini verəcək”.
Qazaxıstan dəmir yolları rəhbərinin sözlərinə görə, şirkətin tranzit gəlirləri 30 faiz həcmində olacaq. Şirkət 2020-ci ilə qədər bu göstəricini 50 faizə çatdırmağı planlaşdırır.
Xatırladaq ki, Azərbaycan yüklərin Avropadan Çinə və geriyə daşınması üçün yüksək potensiala malik Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun bir hissəsidir. Askar Maminin fikrincə, Avropa ilə Asiya arasında ticarətin həcminin artması nəzərə alınmaqla, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşımaların əhəmiyyətli dərəcədə artmasına nail olmaq mümkündür. 2020-ci ilə qədər həmin marşrutla daşımaların ümumi həcmi 300 min konteynerdən çox olacaq.
Birinci eksperimental konteyner qatarı Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisi ilə Çindən Avropaya 2015-ci ilin yayında hərəkət edib. Cari ilin iyunun 1-dən bu beynəlxalq nəqliyyat marşrutunda daşımalar üçün vahid tariflər tətbiq ediləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana