İQTİSADİYYAT
Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yollarında rəqabətli tarif şərtləri yaradılacaq
Bakı, 24 avqust, AZƏRTAC
Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları administrasiyalarının rəhbərləri Astanada Qazaxıstanın yükgöndərənləri, ən böyük operatorları və yük şirkətləri ilə görüşüblər.
AZƏRTAC “Qazaxıstan dəmir yolları milli şirkəti” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq, yüklərin daşınması üçün əlverişli şərtlərin yaradılması məsələləri müzakirə edilib. Məsələn, metal məmulatı, taxıl, neft-qaz yüklərinin daşınmasında, habelə Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində konteyner daşımalarında tarif dərəcələrinin aşağı salınması barədə söhbət aparılıb.
Yeni bazarların mənimsənilməsi, daşımaların həcminin artması təkcə Qazaxıstan ixracı üçün güzəştli tarif şərtlərinə deyil, həm də yüklərin çatdırılması üçün dəmiryolçuların təklif etdikləri logistika sxeminə kömək edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov deyib: “Biz ixrac və idxal mallarının daşınması üçün yaxşı şərtlər təklif etməyə hazırıq. Məsələn, bu ilin sonunda biz Gürcüstan dəmir yolu vasitəsilə Türkiyəyə birbaşa keçid açırıq. Beləliklə, bizdə Türkiyə, Şimali Afrika və ərəb ölkələrinın cənub limanlarına çıxış yaranacaq”.
“Солтүстік” sosial sahibkar şirkətinin nümayəndəsi Anuar Xamitov deyib: “Hazırda biz yalnız Qazaxıstan üzrə işləyirik. Bizim ən böyük məhsulumuz taxıldır. Biz onu İran körfəzi ölkələrinə ixrac etməyi planlaşdırırıq. İndi danışıqlar gedir, Azərbaycan və Gürcüstanın dəmir yolları nümayəndələri ilə tariflər razılaşdırılır, habelə yük tariflərini razılaşdırırıq”.
Görüşün yekunlarına əsasən qeyd edilib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstanın yerli yükgöndərənləri və dəmiryolçuları ilə yaradılan birbaşa əlaqə daşınmaların təmin edilməsində yaranan məsələləri tez və effektiv həll etməyə imkan verəcək.