İQTİSADİYYAT
Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişini səbirsizliklə gözləyir VİDEO
Astana, 23 may (AZƏRTAC). Qazaxıstan üçün VII Astana İqtisadi Forumunun çox böyük əhəmiyyəti vardır. Bu tədbirdə strateji istiqamətlər, iqtisadi layihələr müzakirə olunur. Dövlətlərarası inteqrasiyanın daha yüksək səviyyədə olması üçün nəqliyyat əlaqələrini inkişaf etdirmək lazımdır. Artıq Türkdilli Dövlətlərin nəqliyyat sahəsinin rəhbərləri ilə infrastrukturun inkişafı, strateji məsələlərin həlli barədə fikir mübadiləsi aparılmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Astana İqtisadi Forumu çərçivəsində keçirilən Böyük İpək Yolunun irsi və bərpası üzrə “Transavrasiya-2014” Beynəlxalq konfransda Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Jenis Kasımbek söyləmişdir.
Bakıda və Aktauda tikilən yeni limanların Cindən Avropaya qədər nəqliyyat əlaqələrini daha da yaxşılaşdıracağını vurğulayan nazir Azərbaycanda və Qazaxıstanda iqtisadi sektorun geniş bazası olduğunu bildirmişdir. O demişdir: “Nəqliyyat və tranzitin iqtisadiyyatın artmasında böyük rolu olmalıdır və biz bu istiqamətdə səylərimizi gücləndiririk. Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişini səbirsizliklə gözləyir. Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanı birləşdirəcək bu dəmir yolu yükdaşımada müstəsna rol oynayacaqdır”.
Nazir bildirmişdir ki, tranzit yükdaşımaların həcminin artırılması dövlət proqramına daxil edilmişdir. Qazaxıstan, Gürcüstan və Azərbaycan arasında əlaqələndirmə komitəsinin yaradılması bütün əlaqədar ölkələrin bu sahədə imkanlarını genişləndirəcəkdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana