SİYASƏT
Qazaxıstan Bakıda keçiriləcək ADEX sərgisində fəal iştirak edəcək
Astana, 27 mart, АZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov ilə görüşüb.
Görüşdə müstəqillik dövrü ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq üçün möhkəm əsasın qoyulduğu vurğulanıb. Qeyd edilib ki, resurslarla zəngin və beynəlxalq nəqliyyat dəhlizləri üzərində əlverişli coğrafi mövqedə yerləşən hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra oxşar çağırışlarla üzləşib və dövlət quruculuğu sahəsində bir-birinin təcrübəsindən yararlanıb. Bütün sahələrdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq ölkələrimizin daha da inkişafına və güclənməsinə xidmət edəcək. Bu baxımdan, hərbi sənaye sahəsində də əlaqələrimizin güclənməsinin müsbət nəticələr verəcəyi, həmçinin bu sahənin artıq iqtisadiyyatın sektorlarından birinə çevrildiyi vurğulanıb.
Nazir Beybut Atamkulov ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğundan danışaraq Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb. O, əldə edilmiş iqtisadi nailiyyətlər və güclü dövlət quruculuğu nəticəsində ölkəmizin regionun ən müstəqil dövlətlərindən birinə çevrildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu mühüm rol oynayır. Nazir müdafiə sənayesi kompleksinin yaradılmasında mühüm nailiyyətlər əldə edən qardaş Azərbaycanın bu sahədə uğur qazanmış ölkələr sırasına daxil olmasını yüksək qiymətləndirib, bu sahədə ölkəmizin təcrübəsinin Qazaxıstan üçün daha maraqlı olduğunu deyib.
Səfir Rəşad Məmmədov isə öz növbəsində Azərbaycanın Ermənistan tərəfindən hələ də hərbi təcavüzə məruz qaldığını önə çəkərək münaqişənin yaranma tarixi və nəticələri barədə nazirə geniş məlumat verib. Diplomat Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə güclü hərbi sənaye kompleksi yaratdığını deyərək bu sahədə bir çox ölkələrlə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb.
Görüşdə, həmçinin Azərbaycanda bir çox çeşiddə istehsal olunan hərbi təyinatlı məhsullar və onların müxtəlif ölkələrə ixracından danışılıb. Səfir ölkəmizdə hər il keçirilən ADEX sərgisi, burada nümayiş olunan məhsullar barədə məlumat verib, tədbir çərçivəsində bağlanılan müqavilələrin sayının ildən–ilə artmasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, sərgi artıq dünyanın bir çox ölkəsinin müvafiq sahədə imkanlarının nümayiş etdirilməsi və əməkdaşlığın inkişafı üçün regionda ən mühüm platformaya çevrilib. O, Qazaxıstan tərəfini bu sərgiyə qatılmağa dəvət edib.
Həmçinin tərəflər arasında müvafiq sahədə əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılıb. Bildirilib ki, Qazaxıstan Azərbaycanın hərbi sənaye kompleksində istehsal edilən məhsullarla yaxından tanış olmaq niyyətindədir və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu məqsədlə Qazaxıstan Bakıda keçiriləcək növbəti ADEX sərgisində fəal iştirak edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana