DÜNYA
Qazaxıstan Konstitusiyasına dəyişikliklər ediləcək
Astana, 29 avqust, AZƏRTAC
Qazaxıstan Konstitusiyasına dəyişikliklər ediləcək. Ölkə Prezidenti Nursultan Nazarbayev bu barədə Qazaxıstan Konstitusiyasının 20 illiyinə həsr edilmiş elmi-praktiki konfransda məlumat verib. Dəyişikliklər, ilk növbədə, Astanada beynəlxalq maliyyə mərkəzi yaradılması ilə əlaqədardır. Dövlət başçısı deyib: “Bu iyirmi il ərzində ölkəmiz yenidənqurmadan əvvəlki dövrdəki zəif dövlətdən Mərkəzi Asiya regionunun liderinə çevrilib”.
N.Nazarbayev daha sonra bildirib ki, irəliyə doğru hərəkəti davam etdirmək lazımdır. Yaxın vaxtlarda Qazaxıstanda 78 qanun və qanunvericilik aktı yenidən nəzərdən keçiriləcək. Artıq gələn il yanvarın 1-dən ölkədə yeni qaydalar bərqərar olacaq. Astana maliyyə mərkəzi dünyada bu qəbildən ən böyük mərkəz olmalıdır. Onun əsas vəzifəsi ölkə iqtisadiyyatına investisiyalar cəlb etməkdir. Mərkəzdə kargüzarlıq işləri ingilis dilində aparılacaq. Maliyyə mübahisələrinə isə Qazaxıstan qanunvericiliyinə əsasən deyil, sakson hüququna əsasən baxılması təklif edilir.
N.Nazarbayev deyib: “Biz EXPO sərgisi keçiriləndən sonra Astanada beynəlxalq maliyyə mərkəzi yaradılmasını və Dubaydakı analoji mərkəzin iş metodlarını tamamilə qəbul etməyi qərara aldıq. Bu mərkəzdə bütün işlər ingilis dilində aparılacaq, İngiltərə qanunvericiliyi və hüququ tətbiq ediləcək. Qarşıya çıxan bütün məsələlərlə bağlı çəkişmələr burada həll ediləcək. Bu, bütün hüquq-mühafizə sisteminə təkan verəcək. Buna görə də əsl gələcəyin dövlətini qurmaq, yeni dəyişikliklər ərəfəsindəyik”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana