İQTİSADİYYAT
Qazaxıstan Vyana görüşündə öz neft hasilatını noyabrdakı səviyyəsində “dondurmağı” təklif edə bilər
Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 10-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə kartelə üzv olmayan ölkələr arasında keçiriləcək görüşdə Qazaxıstan öz hasilatını ötən aydakı səviyyəsində “dondurmağı” təklif edə bilər.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.
“Biz noyabrda rekord səviyyədə neft hasil etmişik. Hesab edirik ki, görüşdə Qazaxıstanın neft hasilatının noyabr ayındakı səviyyədə “dondurulması”nı təklif edə bilərik”, - deyə K.Bozumbayev bildirib.
Qeyd edək ki, Qazaxıstan keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiyadan sonra ən böyük neft hasilatçısıdır. Noyabrın 27-nə olan rəsmi məlumatlara görə, Qazaxıstanın gündəlik neft istehsalının həcmi 234 min 500 min ton (təxminən 1,8 milyon barrel) təşkil edib. Bu ölkə kommersiya hasilatına ötən aydan başlayıb.
Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə üzv olmayan 14 ölkədən yalnız 5-i neft hasilatının həcminin azaldılmasını müzakirə etməyə razıdır. Həmin ölkələr Azərbaycan, Rusiya, Oman, Qazaxıstan və Meksikadır. Vyana iclasında Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən ay OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.