İQTİSADİYYAT
Qazaxıstan bütün regionun investisiya habı ola bilər
Astana, 25 may, AZƏRTAC
IX Astana İqtisadi Forumu çərçivəsində Qazaxıstan investisiya sammiti keçirilib.
Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev sammitdə çıxış edib. O bildirib ki, Qazaxıstan regionun investisiya habı olmalı və sərmayədarların qonşu bazarlara çıxmasına şərait yaratmalıdır.
A.İsekeşev deyib: “Vəzifəmiz yaxın gələcəkdə Qazaxıstanı regionun investisiya habına çevirməkdir. Qazaxıstanın ətrafında sürətlə inkişaf edən bazarlar yaranır. Odur ki, qonşu bazarlara çıxması şərti ilə hər bir sərmayədarın Qazaxıstanda öz biznesini qura bilməsinə şərait yaratmaq, logistikanı inkişaf etdirmək bizim əsas məqsədimizdir”.
Nazir bildirib ki, Qazaxıstan gələn il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) investisiya komitəsinin üzvü olmaq üçün İƏTİ-nin komandası ilə işləyir.
A.İsekeşevin sözlərinə görə, Qazaxıstan kapital bazarının inkişafı üzərində çalışır. 2018-ci ildə “Astana” Beynəlxalq Maliyyə Mərkəzi fəaliyyətə başlayacaq. İnvestisiya mübahisələrinə dair ayrı-ayrı məhkəmə icraatları yaratmaq planlaşdırılır. 2018-ci ildə Astanada Beynəlxalq Arbitraj Mərkəzi açılacaq.
A.İsekeşev deyib: “Biz bütün sərmayədarlarla əməkdaşlıq etməyə şadıq və onlara rahat və komfortlu şərait yaratmaq üçün əlimizdən gələni edəcəyik. Bu gün sərmayədarlar ənənəvi hasilat sahələrinə maraq göstərirlər, amma emal sahəsinə də maraq artır”.
Xatırladaq ki, Astana İqtisadi Forumunda iştirak edən Azərbaycanın maliyyə naziri Samir Şərifov regional iqtisadi məsələlərə həsr olunmuş “dəyirmi masa”ya qatılıb, Qazaxıstanın Baş naziri Kərim Məsimov və Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristin Laqard ilə görüşlər keçirib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ASC-nin baş direktoru Taleh Ziyadov isə mayın 26-da “Dünya iqtisadiyyatının sabit inkişafı üçün Avrasiya tranzit və su potensialı” seminarında çıxış edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana