MƏDƏNİYYƏT


Qazaxıstanda “Böyük Çöl” II Beynəlxalq Humanitar Forumu keçirilib

Astana, 27 may, АZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türk Tarix Qurumu və TİKA-nın dəstəyi ilə “Böyük Çöl” II Beynəlxalq Humanitar Forumu keçirilib.

Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunan forumda türkdilli dövlətlər arasında elmi inteqrasiya, türk ədəbiyyatı və dillərinin tədqiqi, tarix, arxeologiya, etnoqrafiya və digər sahələrdə müasir tendensiyaların və inkişaf meyllərinin öyrənilməsi müzakirə olunub.

Forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etməkdən ibarətdir.

Dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın alim və tədqiqatçının qatıldığı tədbiri açıq elan edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali forumun əsas məqsədinin türk dünyasının mədəni dəyərlərinin bəşəriyyətin inkişafındakı yeri və rolunu müzakirə etmək, mütəxəssisləri bir araya gətirərək elmi əməkdaşlığı və informasiya mübadiləsini gücləndirmək, qlobal və regional problemlərin həllinə yardım göstərə biləcək təkliflər hazırlamaq olduğunu bildirib.

Sonra Qazaxıstanın Dövlət katibi Gülşara Abdikalikova Prezident Nursultan Nazarbayevin foruma ünvanladığı təbrik məktubunu oxudu.

Türkologiyanın inkişafı və türkdilli dövlətlər arasında elmi inteqrasiyanın inkişafındakı xidmətlərinə görə, Tatarıstanın və Rusiyanın nüfuzlu elm xadimi Mirfatih Zəkiyev, Qazaxıstanın elm və dövlət xadimi Mirzatay Joldasbekov Türk Akademiyasının qızıl medalı ilə təltif olundular.

UNESCO, ISESCO, İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY, eyni zamanda digər qurumların rəhbərləri və təmsilçilərinin qatıldığı forum daha sonra müxtəlif panellər üzrə işini davam etdirib.

“Mənəvi oyanışın yolları”, “Elmi inteqrasiya və ortaq dəyərlər”, “Tarixi yaddaş və gələcəyə baxış”, “Türk ədəbiyyat ənənələri və müasir durum”, “Türk dillərinin tədqiqi, qorunması və təbliği” kimi bölmələrdə müzakirələr aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, İctimai Televiziyanın Yayım Şurasının sədri, akademik Muxtar İmanov “Mifoloji düşüncədə içtərəfli qarşılaşdırma və bədii ədəbiyyatda obrazın ikiləşməsi problemi” mövzusunda məruzəsində deyib: “Bu forumun ən əhəmiyyətli tərəflərindən biri, yalnız türkdilli ölkələrdən deyil, həm də dünyanın müxtəlif bölgələrindən gələn mütəxəssislərin türk mədəniyyəti, tarixi haqqında söz deməsidir. Bu forumlar türkləri bir araya gətirməklə bərabər, bizi dünyaya bağlamaq, dünyanı türk mədəniyyəti və elminə bağlamaq, yenidən türk tarixinə qayıtmaq baxımından çox önəmlidir. Yəni, özümüzlə bərabər, dünyanın bizim haqqımızda fikir bildirməyinə çox böyük ehtiyac var. Mən hesab edirəm ki, bu cür tədbirlər bizim öz tariximizi və mədəniyyətimizi yenidən dərk etməyimizdə, özümüzə və dünyaya tanıtmağımız baxımından çox əhəmiyyətlidir”.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin “Türkdilli dövlətlərin mədəni siyasətində dəyərlərin üstünlüyü” və Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Müstəqillik illərində Azərbaycan-qazax ədəbi əlaqələri” mövzusunda məruzələri dinlənilib.

Amerikanın Michigan Universitetinin professoru Timur Kocaoğlu da elm adamlarının birgə layihələr həyata keçirməsinin əhəmiyyətini vurğulayaraq, bütün dünyadan türkoloq alimlərin bir araya gəlib, eyni mənəvi irsi bölüşməyi öyrənmələri baxımından forumun böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Bundan əlavə, tədbir zamanı TWESCO son illər nəşr etdiyi kitabların sərgisini təşkil edib.

Qeyd edək ki, forumun sonunda bəzi sahələr üzrə ortaq daimi komitələrin yaradılması və birgə layihələr həyata keçirilməsi barədə razılıq əldə olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.