İQTİSADİYYAT


Qazaxıstanda azərbaycanlı iş adamlarının yeni təşkilatı yaradılıb

A+ A

Astana, 25 noyabr, AZƏRTAC

Qazaxıstanda yaşayan azərbaycanlı iş adamları yeni təşkilat təsis ediblər. Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və yaxından köməyi ilə yaradılan, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycanlı Sahibkarların İttifaqının əsas məqsədi bu ölkədə xırda və orta bizneslə məşğul olan hüquqi və fiziki şəxslərə konsaltinq, marketinq xidmətləri göstərmək və onların hüquqlarını qorumaqdır. İttifaqın sədri Gündüz Məmmədli bildirib ki, yeni təşkilat Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarına və onların tərəf müqabillərinə böyük imkanlar açacaq.

Yeni qurum Prezident İlham Əliyevin tapşırığı ilə İqtisadiyyat Nazirliyinin ixracın təşviqi istiqamətində apardığı siyasətə uyğun olaraq Qazaxıstanda layihələrin reallaşdırılması məqsədilə AZPROMO ilə sıx əməkdaşlıq edəcək. Bununla əlaqədar, təşkilat azərbaycanlı sahibkarlara Qazaxıstanda tərəf müqabillərin tapılmasında, ölkəmizdə fəaliyyət göstərən istehsal müəssisələrinin, eləcə də kənd təsərrüfatı məhsullarının mütəmadi olaraq bu ölkədə satışının təşkil olunması üçün distributorlar, iri ticarət və topdansatış şirkətləri ilə birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayacaq, onların informasiya təminatında iştirak edəcək. Xırda və orta bizneslə məşğul olan azərbaycanlı sahibkarların fəaliyyətinin genişləndirilməsi, Azərbaycan məhsullarının Qazaxıstana ixracı, bu məqsədlə yeni bazarların müəyyən edilməsi, eləcə də Qazaxıstandan ölkəmizə məhsulların idxalının təşkil edilməsinə dəstək təşkilatın qarşısında duran mühüm vəzifələrdən olacaq. G.Məmmədli bildirib ki, “Made in Azerbaijan” brendinin bu ölkədə təşviqi məqsədilə ittifaq mühüm layihələr həyata keçirəcək.

Artıq Qazaxıstanın 6 vilayətində - Almatı, Qərbi Qazaxıstan, Manqistau, Atırau, Akmola, Cənubi Qazaxıstan və Qızılorda vilayətlərində səfirliyin yaxından iştirakı və köməyi ilə yerli Sahibkarlar Palatası ilə əməkdaşlıq barədə sazişlər və memorandumlar imzalanıb, konkret biznes layihələrinin icrası üçün işçi qruplar yaradılıb.

Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarından ibarət ittifaqı bu bazara üz tutan azərbaycanlı iş adamları və şirkətlərimiz arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin edəcək, onlarla birgə investisiya layihələrinin işlənilməsinə kömək edəcək. Yeni qurum Azərbaycan səfirliyi ilə də sıx işləyəcək, regional nümayəndəliklərini yaratmaqla inkişafını təmin edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.