MƏDƏNİYYƏT
Qazaxıstanda beynəlxalq festivalda ölkəmiz də təmsil olunacaq
Bakı, 7 mart, AZƏRTAC
Martın 13-dən 18-dək Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizi bu festivalda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov təmsil edəcək. Festival çərçivəsində V.Qafarov ustad dərsləri keçməklə yanaşı, “Aktyor sənəti – postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, 1995-ci ildən etibarən davamlı şəkildə reallaşan festival hər il teatrın görkəmli aktyorlarından birinin xatirəsinə həsr olunur.
Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir.
SSRİ Xalq Artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən builki festival çərçivəsində, həmçinin “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi də nəzərdə tutulur.