İQTİSADİYYAT
Qazaxıstanda dövlət-özəl sektor əməkdaşlığının imkanları müzakirə edilib
Bakı, 17 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin Qazaxıstanın "Dövlət-Özəl Sektor Əməkdaşlığı" Mərkəzində qurumun rəhbəri Azamat Oynarov, akademik Sailau Baizakov və qurumun əməkdaşları ilə keçirdiyi görüşdə sosial–iqtisadi sahələrdə, xüsusilə də sənaye sahəsində dövlət-özəl sektor əməkdaşlığının imkanları və tətbiqinin xüsusiyyətləri, eləcə də qlobal meyillərin fonunda yeni yanaşmalar və çağırışlara uyğunlaşmasının təmin edilməsi zərurəti geniş müzakirə edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Qazaxıstanın sözü gedən sahədə təcrübəsi, habelə Mərkəzin dövlət-özəl sektorun əməkdaşlığı fonunda sosial sferada (uşaq bağçaları, məktəblər, poliklinikalar və sair) investisiyaların cəlb edilməsi, eləcə də hazırda 74 müqavilənin bağlanması, 60 müsabiqənin elan olunması və təklif edilmiş 260 layihə təklifinin hazırda qiymətləndirilmə mərhələsində olması, bu sahədə işlərin müvəffəqiyyətlə davam etdirilməsi bildirilib. Həmçinin bu sahədə vergi sisteminin və birbaşa xarici investisiyaların dövlət özəl əməkdaşlığına müsbət təsirlərinin olması və bu istiqamətdə işlərin uğurlu qurulmasının əhəmiyyəti qeyd edilib.
Görüşün sonunda sözügedən istiqamətdə işlərin aparılması, iş planının formalaşdırılması və əməkdaşlığın davam etdirilməsi məqsədilə işçi qrupun üzvlərinin səfərinə dair razılığa gəlinib.