DÜNYA
Qazaxıstanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb
Bakı, 26 aprel, AZƏRTAC
Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və bülletenlərin sayılmasına başlanılıb.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, səsvermədə seçicilərin 95,11 faizi iştirak edib. Səsvermənin ilkin nəticələri bazar ertəsi açıqlanacaq. Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov məlumat verib.
Xatırladaq ki, növbədənkənar prezident seçkilərində üç namizəd - ölkənin hazırkı başçısı, “Nur Otan” partiyasının namizədi Nursultan Nazarbayev, Kommunist partiyasının namizədi Turqun Sızdıkov və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparırlar.
Seçkiləri müşahidə etmək üçün 900-ə yaxın xarici və 30 min yerli müşahidəçi qeydə alınıb, prosesi işıqlandırmaq üçün xarici ölkələrdən 150-dən çox media nümayəndəsi qeydiyyatdan keçib. Müşahidəçilər arasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti də var.