Qazaxıstanın Aktöbə şəhərində yaşayan azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbi açılıb
Bakı, 29 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Qazaxıstanın Aktöbə şəhərində yaşayan azərbaycanlı uşaq və yeniyetmələr üçün Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi məqsədilə “Bazar günü” məktəbinin açılış mərasimi keçirilib.
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğundan verilən məlumata görə, Aktyubinsk vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-mədəni Mərkəzinin təşkilatçılığı ilə açılmış “Bazar günü” məktəbi üçün Qazaxıstan Xalqları Milli Assambleyasının Aktöbə şəhərindəki “Dostluq” evində sinif otağı ayrılıb və azərbaycanlı iş adamlarının dəstəyi ilə təmir olunub, yazı lövhəsi, parta, rəf və stullar alınıb. Sinif otağında baş konsulluq tərəfindən hazırlanmış, Azərbaycanın tarixini, ədəbiyyatını, milli-mədəni dəyərlərini, müasir dövrünü, dövlət atributlarını əks etdirən stendlər, həmçinin Azərbaycanın klassik və müasir dövr yazıçı və şairlərinin portretləri asılıb.
“Bazar günü” məktəbinin rəsmi açılış mərasimində baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan Respublikasının xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısından, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV qurultayında çıxışı zamanı xaricdə yaşayan azərbaycanlılarla bağlı qarşıya qoyduğu vəzifələrdən danışıb. O, xalqımızın milli-mənəvi dəyərlərinin unudulmamasının, Azərbaycan dilini, ədəbiyyatını və tarixini xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin öyrənmələrinin vacibliyini vurğulayıb.
Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilmiş “Əlifba” və digər dərsliklər, oxu kitabları, əyani vəsaitlər azərbaycanlı uşaqlara təqdim edilib.
Aktyubinsk vilayət hakimliyinin Təhsil və Dillərin İnkişafı İdarəsinin rəisi Gülayım Tlubayeva Qazaxıstanda milli azlıqlara dövlət qayğısından danışıb. O, ölkədə latın əlifbasına keçid mərhələsinin başlandığını, bu istiqamətdə Azərbaycanın böyük təcrübəsinin olduğunu bildirib, Qazaxıstan dilçilərinin bu təcrübədən faydalandıqlarını söyləyib.
Daha sonra Aktyubinsk vilayətindəki Azərbaycanlıların Milli-mədəni Cəmiyyətinin sədri Şahbaz Camalov çıxış edərək, Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıb. Ş.Camalov Prezident İlham Əliyevə Qazaxıstanda yaşayan azərbaycanlılar adından minnətdarlıq bildirib.
Qeyd edək ki, “Bazar günü” məktəbində, eyni zamanda, azərbaycanlı uşaqlar üçün qazax dili də tədris olunacaq.