İQTİSADİYYAT


Qazaxıstanın Atırau vilayətində Azərbaycanın ixrac potensialının təqdimatı keçirilib

A+ A

Atırau, 3 noyabr, AZƏRTAC

Qazaxıstanın Atırau vilayətində Azərbaycanın ixrac potensialını nümayiş etdirən 400-dən artıq şirkətin məhsullarının, eləcə də Aktau şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə tikilən Logistika Mərkəzinin imkanları ilə bağlı təqdimat mərasimi keçirilib.

Qazaxıstan tərəfindən tədbirin təşkilatçıları Atırau Vilayət Qubernatorluğu, şəhər rəhbərliyi, Atırau şəhər Sənaye Palatası, Azərbaycan tərəfindən isə ölkəmizin Qazaxıstandakı səfirliyidir.

Təqdimat mərasimində səfir Rəşad Məmmədov, Azərbaycanın Aktaudakı konsulluğunun rəhbəri Elxan Zeynalov, Azərbaycan investorlarının Qazaxıstan Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli, Logistika Mərkəzinin təmsilçisi Ələkbər Muradov iştirak edib. Tədbirdə çıxış edən Atırau Vilayəti Akiminin birinci müavini Qumar Düsembayev bildirib ki, qardaş Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduqları üçün belə bir tədbirin keçirilməsinə böyük önəm verilir. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov son illərdə iqtisadiyyata sərmayələrin qoyulması nəticəsində ölkəmizin kənd təsərrüfatı və sənaye sahələrində ixrac potensialının artması ilə bağlı geniş məlumat verib. Səfir vurğulayıb ki, Qazaxıstan şirkətlərinə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullara görə distribüter hüquqlarının verilməsi Azərbaycanla Qərbi Qazaxıstan arasında ticarət əlaqələrinin artmasına səbəb olacaq.

Azərbaycan investorlarının Qazaxıstan Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli Azərbaycan şirkətlərinin imkanları və istehsal etdikləri məhsullar haqqında geniş məlumat verib. Aktauda Azərbaycan dövlətinin dəstəyi ilə tikilən müasir “Azərsun” Logistika Mərkəzi və istehsal müəssisələri haqqında geniş bilgiləri isə mərkəzin təmsilçisi Ələkbər Muradov təqdim edib. Bildirilib ki, Logistika Mərkəzi Azərbaycanın ixracının artması və Qazaxıstan bölgələrinin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qazaxıstanın onlarla sahibkarı ilə keçirilən görüşdə iş adamlarına İqtisadiyyat Nazirliyi tərəfindən ixrac potensiallı 400-dən artıq şirkətin məhsullarını özündə əks etdirən elektron kataloqlar paylanıb. Xüsusi olaraq vurğulanıb ki, qazaxıstanlı iş adamları istədikləri ixrac məhsullarını Azərbaycandan deyil, Aktaudakı Logistik Mərkəz vasitəsilə daşınma, gömrük və digər rəsmiləşdirmə prosedurları keçmədən əldə edə bilər. Təqdimatda kataloqlar vasitəsilə İş Adamlarının Assosiasiyası və Logistik Mərkəzin təmsilçisi ilə ilkin danışıqlara başlanılması haqqında qərar qəbul olunub. Qazaxıstanlı iş adamları bildirdilər ki, yerli əhalinin Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı və sənaye məhsullarına rəğbəti var. Məhz buna görə Azərbaycan məhsullarının distribüter hüquqlarını əldə etməklə Qazaxıstan bazarında müntəzəm əsaslarla satışını təşkil etmək olar.

Qeyd edək ki, xarici ölkələrdə bu kimi təqdimatların keçirilməsi Prezident İlham Əliyevin Azərbaycan hökuməti və diplomatik korpusun qarşısına qoyduğu mühüm vəzifələrdən biri də Azərbaycan kənd təsərrüfatı və sənaye məhsullarının ixracının təşviq edilməsidir. Bununla da yerli məhsulların ixracı üçün yeni satış bazarları müəyyən olunur, ixracın stimullaşdırılması üçün yeni stimullar yaranır. Bu tipli tədbirlərin Qazaxıstanın bütün vilayətlərində keçirilməsi planlaşdırılır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Atırau

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.