İQTİSADİYYAT
Qazaxıstanın Baş nazirinin birinci müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub VİDEO
Bakı, 16 fevral, Laçın Sultanova, AZƏRTAC
Bakıda səfərdə olan Qazaxıstanın Baş nazirinin birinci müavini Bakıtjan Sagintayevin başçılıq etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Bakı Limanının baş direktoru Taleh Ziyadov Bakıtjan Sagintayevin başçılıq etdiyi nümayəndə heyətini limandakı iş prosesi ilə yaxından tanış edib. Qonaqlar Bakı limanında yüklərin tranziti sxemi, gömrük məntəqəsinin işi, limanda yan almış “Akademik Zərifə Əliyeva” bərəsi ilə tanış olublar. Son illər ərzində Bakı Limanı tərəfindən liman əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsi, yeni innovativ texnologiyanın tətbiq edilməsi və prosedurların beynəlxalq standartlara uyğun aparılması istiqamətində görülmüş mühüm işlər barədə qonaqlara məlumat verilib, Bakı Limanının gələcək planları və perspektivləri barədə danışılıb. Bakı Limanın baş direktoru liman ətrafında təsis edilməsi planlaşdırılan Azad Ticarət Zonasının ölkəyə və regiona verəcəyi bəhrədən danışaraq bu məsələnin ölkənin qeyri-neft sektorunun inkişafında böyük rol oynayacağını qeyd edib.
Baş direktor Taleh Ziyadovla Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Sagintayev arasında yükdaşımanın sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bakı və Aktau limanları arasında mövcud əməkdaşlıq ənənəsinə uyğun olaraq mütəmadi olaraq məlumat və təcrübə mübadiləsinin aparılması müsbət qiymətləndirilib. Tərəflər bu proseslərin nəticələrindən söz açıb və bu istiqamətdə əməkdaşlığın davam etdirməyin vacibliyini qeyd ediblər.
Taleh Ziyadov jurnalistlərə bildirib ki, nümayəndə heyəti Ələtdəki terminalda prosedurlarla maraqlanıb, limanındakı innovativ sistemlərlə tanış olub. Bu prosedurların Aktauda tətbiq olunması məqsədə uyğun hesab olunub. Baş direktor, həmçinin bildirib ki,
iki həftə əvvəl Aktaudan bir qrup mütəxəssis Ələt terminalına gəlib, buradakı bütün prosedurları yaxından araşdırıb və bu prosedurları Aktauda tətbiq edəcəklərini bildiriblər.
Qeyd edək ki, Bakı Limanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyədən Orta Asiya istiqamətində hərəkət edən yük maşınları üçün əlverişli şərait yaradılması və ölkə ərazisindən tranzitlə keçən yüklər üçün keçid prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra işlər görüb. Nəticədə bir müddət əvvəl yük maşınları əraziyə daxil olarkən yükaşırma proseduru 2 gün olduğu halda, yeni sistemin tətbiqindən sonra 3 saat ərzində maşınların bərəyə yüklənməsi mümkün olmuşdur.