İQTİSADİYYAT
Qazaxıstanın Uralsk şəhərində Azərbaycan məhsullarının təqdimatı olub
Aktau, 28 oktyabr, AZƏRTAC
Qazaxıstanın Uralsk şəhərində Azərbaycanın ixrac potensialı olan 400-dən artıq şirkətin məhsullarının, eləcə də Aktau şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə tikilən Logistika Mərkəzinin imkanları ilə bağlı təqdimat mərasimi keçirilib.
Tədbir Qazaxıstan Uralsk Vilayət Qubernatorluğu, şəhər rəhbərliyi, Uralsk şəhər Sənaye Palatası və ölkəmizin Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub.
Mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, ölkəmizin Aktaudakı konsulluğunun rəhbəri Elxan Zeynalov, Azərbaycan investorlarının Qazaxıstan Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli, Logistika Mərkəzinin təmsilçisi Ələkbər Muradov iştirak edib.
Təqdimat mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov son illərdə ölkə iqtisadiyyatına sərmayələrin qoyulması nəticəsində kənd təsərrüfatı və sənaye sahələrində ixrac potensialının artması ilə bağlı geniş məlumat verib. Səfir vurğulayıb ki, Qazaxıstan şirkətlərinə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullara görə distribüter hüquqlarının verilməsi Azərbaycan ilə Qərbi Qazaxıstan arasında ticarət əlaqələrinin artmasına səbəb olacaq.
Tədbirdə Azərbaycan investorlarının Qazaxıstan Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli Qazaxıstan iş adamları qarşısında Azərbaycan şirkətlərinin imkanları və istehsal etdikləri məhsullar haqqında geniş təqdimatlar edib.
Logistika Mərkəzinin təmsilçisi Ələkbər Muradov Aktauda Azərbaycan dövlətinin dəstəyi ilə tikilən müasir “Azərsun” Logistika Mərkəzi və istehsal müəssisələri haqqında geniş məlumat verib. Bildirilib ki, Logistika Mərkəzi Azərbaycanın ixracının artması və Qazaxıstan bölgələrinin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qazaxıstanın geniş tərkibdə olan sahibkarları ilə keçirilən görüşdə iş adamlarına İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanın ixrac potensialı olan 400-dən artıq şirkətin məhsullarını özündə əks etdirən elektron kataloqlar paylanıb.
Xüsusi olaraq vurğulanıb ki, qazaxıstanlı iş adamları istədikləri ixrac məhsullarını Azərbaycandan deyil, Aktaudakı Logistik Mərkəz vasitəsilə daşınma, gömrük və digər rəsmiləşdirmə prosedurları keçmədən əldə edə bilərlər.
Təqdimatda kataloqlar vasitəsilə iş adamları assosiasiyası və Logistik Mərkəzin təmsilçisi ilə ilkin danışıqlara başlanması haqqında qərar qəbul olunub.
Qazaxıstanlı iş adamları bildiriblər ki, yerli əhali Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı və sənaye məhsullarına böyük maraq göstərirlər. Məhz buna görə Azərbaycan məhsullarının distribüter hüquqlarını əldə etməklə Qazaxıstan bazarında müntəzəm əsaslarla satışını təşkil etmək olar.
Qeyd edək ki, xarici ölkələrdə bu kimi təqdimatların keçirilməsi Prezident İlham Əliyevin Azərbaycan hökuməti və diplomatik korpusların qarşısına qoyduğu mühüm vəzifələrdəndir. Burada məqsəd Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının Qazaxıstana ixracının təşviq edilməsidir. Bununla da yerli məhsulların ixracı üçün yeni satış bazarları müəyyən olunur, ixracın stimullaşdırılması üçün yeni imkanlar yaranır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau