SİYASƏT
Qazaxıstanın elektron mətbuatında “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimi haqqında xəbərlər yer alıb
Materiallarda “Əsrin müqaviləsi”ndən bəhs olunur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli mərasimdəki nitqindən sitatlar verilir. Qeyd edilir ki, bu gün təməli qoyulan “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Bu layihə bir çox ölkələrin və bütün regionun taleyinə ciddi təsir göstərəcək. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti uğur gətirəcək.
Həmçinin məlumat verilir ki, “Cənub” qaz dəhlizi ilə Avropaya əvvəlcə ildə 10 milyard kubmetr, gələcəkdə isə 20 milyard kubmetrə qədər qaz nəql olunacaq. Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə Avropaya çatdırılacaq. Bu qaz infrastruktur layihələri çərçivəsində investisiyaların ümumi həcmi 45 milyard dollar təşkil edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana