REGİONLAR
Qazaxlı fermerlər kartof sahələrinin hər hektarından 45 tona yaxın məhsul yığırlar VİDEO
Qazax, 8 avqust, Famil Quliyev, AZƏRTAC
Qazax rayonundakı Birinci Şıxlı kəndli-fermer təsərrüfatında 211 hektar sahədə 11 növ kartof əkilib və hazırda texnikalar vasitəsilə faraş sortların yığılmasına başlanılıb.
Təsərrüfatın direktor müavini Anar Yusubov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Məhsuldarlığımız çox yüksəkdir. Hazırda sahələrdən “Marabel” sortu yığılır. Bir hektar ərazidən 40-45 tona yaxın məhsul toplanılır. Gələcəkdə kartof sahələrini daha da genişləndirəcəyik. Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin yeni iş yerlərinin yaradılması, ixracın artırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin reallaşdırılması üçün səylə çalışırıq.”
Hazırda kartof sahələrində qızğın iş gedir. Gündəlik sahədə çalışan bir kənd sakini ay ərzində təxminən 300-400 manat əməkhaqqı alır. Bir ailədən 2-3 nəfərin çalışdığını nəzərə aldıqda isə bu rəqəm 900-1000 manat civarında olur.
Təsərrüfatın rəhbəri Tərlan Hüseynov qeyd edib ki, birinci dəfə kartof əkdiklər üçün satışı yerli bazarlarda aparırlar. Gələcəkdə isə məhsul xarici bazarlara çıxarılacaq.
Gələn ildən təsərrüfatda “Çipsi” kartof sortlarının da becərilməsi nəzərdə tutulub ki, bunun da nəticəsində “Çipsi” istehsalı planlaşdırılıb. Gündəlik sahədə çalışan insanların sayı hazırda 120-150 nəfər təşkil edir. Bu da öz növbəsində yaxın kəndlərdə yaşayan insanların iş yeri ilə təmin olunması deməkdir.
Qeyd edək ki, kəndli-fermer təsərrüfatında kartofçuluqla bərabər tütün, qarğıdalı, çuğundur və taxıl da becərilir.