REGİONLAR
Qazaxlı fermerlər tütün sahələrindən bol məhsul əldə ediblər VİDEO
Qazax, 5 avqust, Famil Quliyev, AZƏRTAC
Ötən il 10 hektar sahədə tütün əkib bol məhsul tədarük edən qazaxlı fermerlər cari ildə əkin sahələrini 50 hektaradək genişləndiriblər. Artıq Qazaxda tütünçülük ənənə halını almağa başlayıb. İkinci ildir ki, bu sahəyə maraq göstərən fermerlər cari mövsümdə sahələrdən bol məhsul toplayırlar.
Fermer Aygün Süleymanova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Hazırda tütün yığımı ilə məşğuluq. Yığılan məhsulu ipə düzərək quruduruq. Sonra isə zavoda təhvil verəcəyik. Tütün yığımı ilə bərabər sahələrdə suvarma işi də həyata keçiririk”.
Rayonda əkilən 50 hektar tütünün 30 hektarı Kosalar kəndindədir. Tütün sahələrində gündəlik 30-40 nəfər çalışır. Bir hektar sahədən təxminən 2 tona qədər məhsul yığılır.
Qeyd edək ki, tütün yığımı oktyabr ayına qədər davam edəcək. Bu günədək 15 tondan çox tütün yığılıb.