REGİONLAR
Qazaxlı gənclər narkomaniya və narkobiznesə “yox” deyirlər
Qazax, 15 dekabr, Famil Quliyev, AZƏRTAC
Qazaxda rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Gənclər narkomaniya və narkobiznesə “yox” deyir!” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri, şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbiri gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev açaraq narkomaniyanın dəhşətli bəla, sağalmaz xəstəlik, narkomaniya xəstəliyinə düçar olmuş hər bir gəncin ilk növbədə cəmiyyətimiz üçün böyük sosial təhlükə və potensial cinayətkar olmasından söz açıb. Qeyd edilib ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar arasında yeniyetmə və gənclərə də təsadüf edilməsi çox böyük təəssüf doğurur.
Daha sonra rayon prokurorunun köməkçisi Nəriman Əsədov, polis şöbəsinin sahə inspektoru Amil Budaqov, rayonun baş narkoloqu Nahidə Osmanova, təhsil şöbəsinin metodisti Məhəmməd Cəfərov və başqaları çıxış edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa, həmçinin bütün cəmiyyəti bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə çağırıblar.
Tədbirdə narkomaniya və onun törətdiyi fəsadlardan, bu bəlaya qarşı mübarizə yollarından bəhs edən videoçarx nümayiş olunub.