Qazaxlı keramika ustasının məhsulları “ABAD” sənətkarlıq mərkəzlərində satılır
Bakı, 15 yanvar, AZƏRTAC
“ABAD” publik hüquqi şəxsin dəstək verdiyi keramikaçı sənətkarlardan biri də Qazax rayon sakini Ramiz Məmmədovdur. O, 40 ildən çoxdur ki, həyatını keramika və heykəltəraşlıq sənətinə həsr edib.
AZƏRTAC xəbər verir ki, 12 yaşından etibarən rəssamlığa həvəs göstərən Ramiz usta illər keçdikcə özünü keramika sənətində tapıb. Sankt-Peterburq şəhərində ali təhsil alan Ramiz Məmmədov bir çox beynəlxalq sərgilərə qatılıb, ölkəmizi uğurla təmsil edib. O, daha çox milli naxışlara üstünlük verir, Azərbaycan nağıl və dastanlarının motivləri əsasında maraqlı kompozisiyalar hazırlayır.
Qazaxlı usta milli keramika və heykəltəraşlıq sənətimizi dünyada tanıtmaq və məhsullarının satış bazarını genişləndirmək məqsədilə “ABAD”a müraciət edib. Beləliklə, onun məhsulları artıq “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb, alıcıları isə əsasən xarici turistlərdir.