İQTİSADİYYAT
Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası Xəzər hövzəsində ilk dəfə SOCAR-AQŞ ilə əməkdaşlıq əlaqələri qurub
Bakı, 4 may, AZƏRTAC
Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (IADC) Xəzər hövzəsində ilk dəfə olaraq SOCAR-AQŞ ilə əməkdaşlıq əlaqələri qurub.
SOCAR-AQŞ-dən AZƏRTAC-a bildirilib ki, bu barədə müəssisənin dəvəti ilə Bakıda səfərdə olmuş IADC-nin Avropada əməliyyatlar üzrə regional vitse-prezidenti Jens Hoffmark ilə görüşdə danışılıb.
Müəssisənin baş direktoru Ramin İsayev qonaqla SOCAR-AQŞ-nin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə bağlı ətraflı fikir mübadiləsi aparıb və müxtəlif təqdimatlarla tanış olub.
SOCAR-AQŞ-nin təşəbbüsü ilə IADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin fəaliyyətinin yenidən bərpa olunmasına həsr edilmiş konfransda iştirak edən J.Hoffmark IADC-nin missiyası, fəaliyyəti və regionlar üzrə komitələrinin iş prinsipi haqqında ətraflı məruzə ilə çıxış edib. O bildirib ki, IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzvü ətrafında birləşdirməklə sənayedə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir. Xəzər hövzəsi üzrə komitənin fəaliyyətinin bərpa olunması istiqamətində qazma sənayesində tanınmış milli və regional şirkətləri, təhsil müəssisələrini və beyin mərkəzlərinin bir araya gətirilməsinin əhəmiyyətini qeyd edən J.Hoffmark bu təşəbbüsün irəli sürülməsində və tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə SOCAR-AQŞ-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Konfransda milli və transmilli neft-qaz şirkətlərindən 120-yə yaxın nümayəndə iştirak edib.
J.Hoffmark Azərbaycana səfər proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub və universitetin rektoru, professor Mustafa Babanlı ilə universitetin tarixi, təhsil siyasəti və gənc kadrların yetişdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıb. O, həmçinin universitetin neft-qaz mühəndisliyi fakültəsinin tələbələri ilə görüşərək onların suallarını cavablanıb.
Qonaq Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı, ali məktəblərin kadr hazırlığı siyasəti və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin və xoş olduğunu vurğulayıb.
Xəzər hövzəsində ilk dəfə olaraq SOCAR-AQŞ ilə başlanan əməkdaşlığın əhəmiyyətini vurğulayan J.Hoffmark yaxın gələcəkdə IADC-nin beynəlxalq statuslu tədbir və konfranslarının Bakıda SOCAR-AQŞ ilə birgə koordinasiya olunaraq təşkil edilməsi niyyətini açıqlayıb və Azərbaycanı beynəlxalq ictimaiyyətin təcrübə mübadiləsi üçün füsunkar, tolerant, dinamik inkişaf edən və təhlükəsiz məkan olduğunu xüsusi ilə qeyd edib.