DÜNYA
“Qazprom” “Sibirin gücü” boru kəməri üzrə 2,35 milyard dollarlıq tender elan edib
Bakı, 1 dekabr, AZƏRTAC
Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” qaz boru kəmərinin (Power of Siberia) ümumi uzunluğu 822 kilometr olan dörd hissəsinin tikintisi üzrə təxminən 156 milyard rubl (2,35 milyard dollar) məbləğində tender elan edib.
AZƏRTAC “energyworldmag.com” saytına istinadla xəbər verir ki, tenderdə tikinti, kiçik və orta biznes şirkətləri subpodratçılar qismində iştirak edə biləcəklər.
“Sibirin gücü” qaz boru kəməri Rusiyanın Sibirdəki Yakutsk və İrkutsk qaz istehsalı sahələrində hasil edilən qazı Şərqi Asiyaya və Çinə nəql edəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 61 milyard kubmetr təşkil edəcək və kəmərin uzunluğu 3 min 968 kilometr olacaq. Layihənin dəyəri isə 21,3 milyard dollardır.
2014-cü il mayın 21-də “Qazprom” ilə Çinin Milli Neft Şirkəti (CNPC) növbəti 30 ildə şərq marşrutu boyunca Çinə qaz tədarükü haqqında 400 milyard dollar dəyərində müqavilə imzalayıblar. “Sibirin gücü” boru kəməri istifadəyə verildikdən sonra ildə 38 milyard kubmetr Rusiya qazı Çinə nəql olunacaq. Çinə ilk qaz ixracı 2019-cu ildə planlaşdırılır.