REGİONLAR


Qəbələ Beynəlxalq Musiqi Festivalı hələ uzun illər Azərbaycan və dünya musiqisinə xidmət edəcək

A+ A

Qəbələ, 30 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi şəkildə keçirilən gözəl bir musiqi bayramına çevrilib. Bu gündən başlayaraq avqustun 5-dək Qəbələdə füsunkar təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində dünya musiqi incilərini dinləyəcəklər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev deyib.

Tanınmış pianoçu bildirib ki, Qəbələnin havası, təbiəti turistləri valeh edib: “Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb”.

Ceyhun Abdullayev ikinci dəfədir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edir. Bugünkü konsertdə Aytac Şıxəlizadənin (messo-soprano) ifasında onun 4 romansı səsləndiriləcək. Tanınmış pianoçu deyib: “Bu, mənə xoş təəssürat bağışladı. Qəbələdəki beynəlxalq festival bir daha onu göstərir ki, Azərbaycan dünya mədəniyyətinə, incəsənətinə, musiqi xəzinəsinə böyük töhfə verən bir ölkədir. Mən bütün iştirakçılara uğurlar arzulayıram və inanıram ki, bu festival hələ uzun illər yaşayacaq, Azərbaycan və dünya musiqisinə xidmət edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.