MƏDƏNİYYƏT
Qəbələ Beynəlxalq Musiqi Festivalı xalqlar arasında qarşılıqlı mədəni əməkdaşlığa çox böyük töhfədir VİDEO
Qəbələ, 26 iyul (AZƏRTAC. Anar Rzayev). Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dünya mədəniyyətinə öz dəyərli töhfəsini verən uğurlu layihələrindəndir. Azərbaycan muğamı çox güclü və sehrləyici təsirə malikdir. O, müxtəlif millətlərə mənsub olan insanları bir yerə, bir auditoriyaya toplamağı bacarır.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Əməkdar Artist Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, istedadlı tarzən Sahib Paşazadə AZƏRTAC-a müsahibəsində deyib.
Tarzən bildirib ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin, o cümlədən musiqisinin dünyada təbliğ edilməsi baxımından Qəbələ festivalının böyük əhəmiyyəti vardır.
O, mədəniyyətimizin hamisi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən Qəbələ beynəlxalq musiqi festivalının artıq gözəl bir ənənəyə çevrildiyini söyləyib.
Bu möhtəşəm incəsənət bayramında ustad sənətkarlarla eyni səhnədə çıxış edən gənc musiqiçilərin böyük təcrübə qazandığını söyləyən Əməkdar Artist deyib: “Festivalda klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə böyük marağını, isti münasibətini xüsusilə qeyd etmək istəyirəm. Xarici kütləvi informasiya vasitələrində də bu möhtəşəm festival haqqında məlumatlar yer alır. Bəlkə də bu barədə günlərlə danışa bilərəm. Bu, əslində musiqinin təntənəsidir. Festival həm də xalqlar arasında qarşılıqlı mədəni əməkdaşlığa çox böyük töhfədir. Bu da coğrafi baxımdan festivalın böyüklüyündən və əhəmiyyətindən xəbər verir. Ölkəmizin hər il yüksək səviyyədə ev sahibliyi etdiyi bu incəsənət bayramına qatılmağıma görə özümü xoşbəxt hiss edirəm”.