MƏDƏNİYYƏT
Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib
Qəbələ, 28 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu, Azərbaycana ilk səfərim olmasa da, Qəbələ festivalında birinci dəfədir iştirak edirəm. Festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan Rusiyanın məşhur pianoçusu Anastasiya Jivotovskaya deyib.
Rusiyalı musiqiçi qeyd edib ki, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Ötən festivallarda dünyanın 150-dən çox tanınmış musiqiçisi Qəbələ səhnəsində konsert verib. Bu, böyük uğurdur. Mən məmnuniyyətlə, növbəti ildə də bu festivalda iştirak etmək istərdim”.