MƏDƏNİYYƏT
Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarını 160 minə yaxın turist ziyarət edib
Bakı, 7 iyul, AZƏRTAC
Son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar regionlarda da öz müsbət təsirini göstərməkdədir. İndi paytaxt Bakı ilə yanaşı bölgələrdə də xidmət səviyyəsini ildən-ilə yüksəldən turizm müəssisələri fəaliyyət göstərir. Bu da, öz növbəsində, həmin turizm mərkəzlərində istirahət edən həm yerli, həm də xarici turistlərin sayının artmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə zəngin turizm potensialı ilə seçilən bölgələrdən biri də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə daxil olan rayonlardır. Belə ki, 2017-ci ilin yanvar-iyun aylarında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157 min 502 turist səfər edib. Bunlardan 99 min 694-ü yerli, 57 min 808-i isə xarici turistlər olub. Rayonlar üzrə isə ən çox turist Qəbələyə üz tutub. Onların sayı 95 min 480 nəfər olub. Bu müddət ərzində Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib.
Xarici turistlərin əsas hissəsini isə Türkiyə, Rusiya, Koreya Respublikası, eləcə də Avropa, Orta Asiya və ərəb ölkələrindən olan turistlər təşkil edib.