İDMAN
“Qəbələ” argentinalı hücumçunu və paraqvaylı yarımmüdafiəçini heyətinə cəlb edib
Bakı, 1 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” daha iki futbolçunu heyətinə daxil edib.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” komandası Vaqif Cavadovdan sonra 28 yaşlı argentinalı hücumçu Fakundo Abel Pereyranı da sıralarına qatıb. Argentinalı futbolçu 2014-cü ildən Yunanıstanın “PAOK” klubunun üzvüdür. “Qəbələ” icarə əsasında heyətinə cəlb etdiyi F.A.Pereyra ilə bir illik anlaşma imzalayıb. Cənubi amerikalı Saloniki təmsilçisinə keçməzdən əvvəl vətənində “Estudiantes” (2006-2011-ci illər), “Ximnasiya” (2012-2014-cü illər, icarə əsasında), Çilidə “Palestino” (2009-cu il, icarə əsasında), “Audaks İtaliano” (2011-2012-ci il), Meksikada “San Luis” (2012-2014-cü illər) klublarında çıxış edib.
“Qəbələ”nin növbəti transferi paraqvaylı Derlis David Meza Kollidir. “Qırmızı-qaralar” 27 yaşlı paraqvaylı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalayıb. Son iki mövsümdə ölkəmizdə çıxış edən Meza Kolli Bakının “İnter” klubunun formasını geyinib. O, Topaz Premyer Liqasında keçirdiyi 55 oyunda dörd qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007-ci illər) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycanda çıxış etməzdən əvvəl Yunanıstanın “Atromitos” (2007-2010-cu illər), “Etnikos” (2007-2008-ci illər, icarə əsasında), “Yannina” (2008-2009-cu illər, icarə əsasında), “Messiniakos” (2009-2010-cu illər, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013-cü illər) və “Pavia” (2011-ci il, icarə əsasında) kollektivlərində çıxış edib.